ABŞ Dövlət Departamenti 75 ölkə üzrə immiqrant vizalarının verilməsini dayandırmaq barədə qərar qəbul edib. Qərar Somaliya, Rusiya, İran, Əfqanıstan, Braziliya, Nigeriya, Tailand və digər ölkələri əhatə edir və yanvarın 21-dən qüvvəyə minir.
Redaksiya xəbər verir ki, Dövlət Departamentinin daxili memorandumuna əsasən, konsulluq əməkdaşlarına mövcud qanunvericilik çərçivəsində vizaların verilməsindən imtina etmək tapşırılıb. Dayandırma müddətsiz xarakter daşıyır və viza müraciətlərinin yoxlanılması və qiymətləndirilməsi prosedurlarının yenidən nəzərdən keçirilməsi başa çatana qədər davam edəcək.
Məlumata görə, qərarın əsas məqsədi gələcəkdə dövlət sosial yardım proqramlarından asılı qalma ehtimalı yüksək olan müraciətçilərin qarşısını almaqdır. Bu çərçivədə sağlamlıq vəziyyəti, yaş, ingilis dili bilikləri, maliyyə imkanları və uzunmüddətli tibbi xidmət ehtiyacı kimi meyarlar nəzərə alınacaq.
Xüsusilə Somaliya ilə bağlı nəzarətin gücləndirildiyi bildirilir. Buna səbəb ABŞ-in Minnesota ştatında dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı fırıldaqçılıq qalmaqalıdır. İstintaq materiallarında bu işdə iştirak edən şəxslərin bir qisminin Somali əsilli olduğu qeyd olunub.
Tam siyahı: Albaniya, Antiqua və Barbuda, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Bosniya və Herseqovina, Braziliya, Butan, Cənubi Sudan, Dominika, Eritreya, Ermənistan, Efiopiya, Əfqanıstan, Əlcəzair, Fici, Qambiya, Qana, Qazaxıstan, Qırğızıstan, Qrenada, Qvatemala, Qvineya, Gürcüstan, Haiti, İran, İraq, Kot-d’İvuar, Kabo-Verde, Kamboca, Kamerun, Kolumbiya, Konqo, Konqo Respublikası, Kosovo, Kuba, Küveyt, Laos, Liberiya, Liviya, Livan, Makedoniya, Mərakeş, Misir, Moldova, Monqolustan, Monteneqro, Myanma, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Ruanda, Rusiya, Seneqal, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Syerra-Leone, Somali, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan, Yamayka, Yəmən.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Dövlət Departamenti dünya üzrə diplomatik nümayəndəliklərə yeni və daha sərt yoxlama qaydalarının tətbiqi barədə göstəriş göndərmişdi. Yeni yanaşma viza siyasətində daha sərt filtrasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.


