AS TB 0 - 728x90
IMG 20231024 232452

Qlobal nizamın çökməsi və istismarı – Newsweek Təhlili

İkinci Dünya müharibəsindən sonra ABŞ-ın liderliyi ilə formalaşmış beynəlxalq nizamın artıq mövcud olmadığı barədə fikirlər Qərb mediasında geniş müzakirə olunur. Məsələnin mərkəzində ABŞ-ın son illərdə atdığı addımların qlobal sistemə təsiri və bu siyasətin beynəlxalq hüquqla ziddiyyət təşkil etməsi dayanır.

Redaksiya Newsweek-ə istinadla xəbər verir ki, jurnalda dərc olunan geniş təhlildə ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı addımlarının mövcud dünya düzəninin faktiki olaraq sona çatdığını nümayiş etdirdiyi vurğulanır. Təhlildə qeyd olunur ki, müharibədən sonra qurulmuş beynəlxalq sistem tədricən zəifləmirdi, artıq tamamilə dağılıb və bu prosesin əsas səbəbkarı məhz ABŞ-ın özüdür.

Formalaşmaqda olan yeni vəziyyət əslində yeni bir nizam deyil, daha çox keçmişin sərt və ədalətsiz qaydalarına qayıdış təsiri bağışlayır. Güclünün istədiyini etdiyi, zəifin isə taleyi ilə barışmağa məcbur qaldığı bu modelin dünyanı daha kasıb və daha zorakı mühitə sürükləyəcəyi vurğulanır. Bu prosesin nəticəsində ABŞ-ın qlobal lider mövqeyindən uzaqlaşaraq regional gücə çevriləcəyi ehtimalı önə çəkilir.

Təhlildə ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi-siyasi addımların tarixi bir dönüş nöqtəsi kimi qiymətləndiriləcəyi bildirilir. Bunun əsas səbəbi yalnız başqa bir dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqinin beynəlxalq hüquqa zidd olması deyil, həm də ABŞ prezidenti Donald Trampın bu müdaxilənin neft maraqları ilə əlaqəli olduğunu açıq şəkildə ifadə etməsidir. Bu yanaşma müharibədən sonrakı dövrdə formalaşmış dekolonizasiya prinsipindən açıq istismar siyasətinə keçidin rəmzi kimi təqdim olunur.

Məqalədə həmçinin ABŞ rəhbərliyinin bu siyasəti ideoloji cəhətdən əsaslandırmaq üçün iki əsrlik imperiya yanaşmalarına istinad etdiyi qeyd olunur. ABŞ prezidenti Donald Trampın bu xətti yeni terminlərlə təqdim etməsinin mahiyyəti dəyişmədiyi, əslində gələcəyə doğru geriyə addım atıldığı vurğulanır. Bu yanaşmanın Latın Amerikası ölkələrinə qarşı təzyiqlər və hərbi müdaxilə təhdidləri ilə daha da gücləndiyi bildirilir.

Avropaya yönəlmiş mesajlara da xüsusi yer ayrılır. ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyi və bu istiqamətdə səslənən bəyanatlar Vaşinqtonun artıq müttəfiqlərinə qarşı da sərt ritorikaya keçdiyini göstərən nümunə kimi təqdim olunur. Qeyd olunur ki, NATO və Birləşmiş Millətlər Təşkilatı kimi strukturların əsas prinsipləri bu yanaşma fonunda ciddi ziddiyyətlərlə üz-üzə qalıb.

Newsweek yazır ki, mövcud kurs ABŞ-ı gücləndirmək əvəzinə, onu strateji baxımdan zəiflədən və təsir dairəsini daraldan bir prosesə sürükləyir. Müharibədən sonrakı beynəlxalq sistem ABŞ-a minimal xərclə böyük nüfuz qazandırmışdı, lakin indi bu üstünlüklər qısa müddətli resurs nəzarəti və simvolik qazanclar naminə risk altına atılır. Yekunda bu siyasətin uzunmüddətli nəticələrinin ABŞ üçün ciddi geosiyasi itkilərə səbəb ola biləcəyi vurğulanır.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu