ABŞ mediasında yayılan xəbərlərə görə, ölkə administrasiyası uzun illər məxfi saxlanılan UFO-larla bağlı məlumatların açıqlanmasına razılıq verib. Söhbət gizli hərbi bazalarda qəzaya uğradığı iddia edilən naməlum uçan obyektlər və “insan olmayan varlıqlara aid qalıqlar” barədə informasiyalardan gedir.
Redaksiya Daily Mail istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası bu məlumatların ictimaiyyətə təqdim olunmasına “yaşıl işıq” yandırıb. Qəzetin yazdığına görə, sənədlər müxtəlif dövrlərdə ABŞ ərazisində və ölkə xaricində baş verdiyi iddia olunan UFO insidentlərini, eləcə də həmin obyektlərin qalıqları ilə bağlı aparılmış araşdırmaları əhatə edir.
Məlumata əsasən, sözügedən obyektlərin bəzilərinin məxfi hərbi bazalara gətirildiyi və burada detallı texniki analizlərdən keçirildiyi iddia olunur. Həmçinin, bu insidentlər zamanı tapıldığı deyilən “insan olmayan varlıqlara aid qalıqlar” uzun müddət dövlət sirri kimi qorunub saxlanılıb.
Qeyd olunur ki, məlumatların açıqlanması ABŞ-də və beynəlxalq miqyasda ciddi müzakirələrə səbəb olub. Mütəxəssislər bunun ictimaiyyətin hökumətə olan etimadına, eləcə də elmi və təhlükəsizlik sahələrində yeni sualların yaranmasına təsir göstərə biləcəyini bildirirlər. ABŞ rəsmiləri isə açıqlamaların mərhələli şəkildə aparılacağını və bütün məlumatların milli təhlükəsizlik çərçivəsində qiymətləndiriləcəyini vurğulayırlar.


