ABŞ Dövlət Departamenti, dövlət katibi Marko Rubionun adından istifadə edən naməlum şəxsin süni intellekt texnologiyası vasitəsilə yüksək səviyyəli rəsmi şəxslərlə əlaqə saxladığını açıqlayıb.
Redaksiya xəbər verir ki, “The Washington Post”un yaydığı məlumata əsasən, bu şəxs təkcə ABŞ rəsmiləri ilə deyil, həm də digər ölkələrin xarici işlər nazirləri ilə yazışmalar aparıb. O, saxta audiofayllar və inandırıcı mətnlərlə Rubionun səsini təqlid edərək bu şəxslərlə “Signal” tətbiqi üzərindən ünsiyyət qurub. Bildirilir ki, həmin platforma ABŞ prezidenti Tramp administrasiyasında da geniş istifadə olunur.
Məlumata görə, dələduzun məqsədi ya məxfi informasiyaya çıxış əldə etmək, ya da maliyyə resurslarına yol tapmaq olub. Onun beş yüksək səviyyəli şəxs — üç xarici işlər naziri, bir qubernator və bir konqres üzvü ilə əlaqə saxladığı təsdiqlənib. O, iyun ayının ortalarında “Marco.Rubio@state.gov” ünvanı ilə hesab yaradaraq fəallaşıb. Mütəxəssislər qeyd edirlər ki, sadəcə 15–20 saniyəlik orijinal səs nümunəsi ilə bu cür hücumlar həyata keçirmək mümkündür.
Sevinc Kərimova


