ABŞ Respublikaçı Partiyasının namizədi Valentina Qomez müsəlmanları hədəf alan çıxışları ilə ciddi ictimai narazılıq yaradıb. Onun müsəlmanları “terrorçu” kimi təqdim edən videoyla kampaniyaya başlaması geniş müzakirələrə səbəb olub.
Redaksiya məlumat verir ki, Valentina Qomez Texasdakı çıxışında müsəlmanlara qarşı təhqiredici ifadələr işlədərək onları əyalətdən çıxarmağa çağırıb. Jurnalist Pirs Morqanla proqram zamanı isə o, bütün müsəlmanları “terrorçu” adlandırıb və dialoq boyu suallardan yayınmağa çalışıb.
Müzakirə zamanı Pirs Morqan ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqı qanunsuz şəkildə işğal etməsinə dair sual ünvanlasa da, Valentina Qomez mövzunu dəyişərək Nigeriyadakı vəziyyətdən danışıb. Sualın təkrarlanması zamanı o, həmin dövrdə dörd yaşında olduğunu bildirərək cavab verməkdən yayınmağa çalışıb.
Proqramın sonunda aparıcı Valentina Qomezin çıxışlarını radikal və dözümsüz adlandıraraq sərt tənqid edib. Namizəd isə verilişə dəvətin məhz aparıcı komandasından gəldiyini vurğulayıb və müsahibəyə məmnuniyyətlə razılıq verdiyini deyib.


