ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə fəaliyyəti ilə bağlı böhrana diplomatik yolla çözüm axtarışları davam edir. Prezidentin sözlərinə görə, Ağ Ev administrasiyası İranla danışıqlar aparmaq üçün bütün komandasına göstəriş verib.
Redaksiya xəbər verir ki, Tramp çıxışında İranın “əla bir ölkə” ola biləcəyini qeyd edərək, bunun yalnız nüvə silahı ambisiyalarından tamamilə imtina etməsi ilə mümkün olacağını vurğulayıb. O, Vaşinqtonun əsas məqsədinin münaqişənin diplomatik yollarla həlli olduğunu bildirib.
Digər tərəfdən, Ağ Ev rəsmiləri son həftələrdə İsrailin İrana qarşı hərbi hücum planlarının qarşısını almağa çalışdıqlarını etiraf ediblər. “The Wall Street Journal” nəşrinin məlumatına görə, Vaşinqton İsraili hərbi əməliyyatdan çəkindirməyə çalışsa da, İran ABŞ-ın danışıqlar təklifini rədd edəcəyi təqdirdə İsrailin hücuma keçəcəyi bildirilir.
Qəzetin əlavə məlumatında qeyd olunur ki, əgər İsrail İranı vurarsa, Vaşinqton bu hücuma heç bir şəkildə dəstək verməyəcək. Bu mövqe ABŞ-ın bölgədə gərginliyi artırmaq istəmədiyini göstərir.
Qəzetin mənbələrinə əsasən, mümkün hücumun bazar günü baş tutacağı ehtimal edilir. ABŞ və İsrail arasında diplomatik və təhlükəsizlik əlaqələri bu çərçivədə intensivləşib.
Məsələ ilə bağlı İran tərəfi hələlik rəsmi mövqe açıqlamayıb. Təhlükəsizlik analitikləri bölgədə vəziyyətin son dərəcə gərgin olduğunu və diplomatik uğursuzluğun genişmiqyaslı münaqişəyə çevrilə biləcəyini istisna etmirlər.
Sevinc Kərimova


