20 ildən çoxdur ki, Azərbaydanda tibbi turizmin inkişafı ilə məşğul olan “Alean” şirkəti paytaxt Bakıda beynəlxalq konfrans təşkil edib.
Konfransda dövlət qurumlarının nümayəndələri, diplomatlar, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Çexiya, Türkiyə, Macarıstan, Sloveniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250-ə yaxın nümayəndə iştirak edib.
Konfransda çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov sağlamlıq turizminin imkanlarının ölkəmizdə geniş olduğunu bildirib. Qeyd olunub ki, sağlamlıq turizmi təkcə tibbi xidmətlərin inkişafı deyil, həm də insanların ümumi rifahının və həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, son illərdə ölkəmizdə sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek çıxışında tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycanın tibbi turizm sahəsində potensialı böyükdür və bu sahədə xeyli nailliyətlər əldə edilib.
Daha sonra çıxış edən AZAL, Türk Hava Yolları o cümlədən ölkənin aparıcı hotel şirkətlərinin nümayəndələri diqqətə çatdırıblar ki, Azərbaycanın tibbi turizminin inkişafı ölkənin beynəlxalq aləmdə tanınmasını və rəqabət qabiliyyətini artırmağa əhəmiyyətli töhfə verəcək.
“Alean” turoperator şirkətinin biznesin inkişafı üzrə mütəxəssisi Regina Məhərrəmova jurnalistlərə müsahibəsində bildirib ki, gələn il Kəlbəcərdə açılacaq “İstisu” Müalicəvi-İstirahət Kompleksi bu sahənin inkişafına daha da təkan verəcək. “Alean” turoperator şirkəti olaraq ölkədə tibbi turizmin inkişafında maraqlıyıq və bu sahənin inkişafı üçün müxtəlif layihələr həyata keçiririk.
Konfransda panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması, SPA və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri, tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılıb.
Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.











