AS TB 0 - 728x90
Bayraq

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”!

Faktdır ki, hər bir xalqın taleyinə müstəqil dövlət qurmaq nəsib olmayıb. Günümüzdə, eləcə də tarixdə o qədər xalqlar var və olub ki, onlar əsarət kölgəsində yaşamağa məhkum olunub, azadlığın dadını heç vaxt dadmayıb. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır. Özünün müstəqil dövləti və dövlətçilik ənənəsi olan xalqımız bu gün dünyanın sözü eşidilən ölkələrindən biridir. İqtisadi, siyasi, hərbi gücü ilə regionun ən güclü dövləti sayılan dövlətimiz varlığımızın mənasıdır.

Hər bir azərbaycanlı varlığımızın mənası, yaşamağımızın qayəsi olan dövlətimizi və Dövlət rəmzlərimizi qorumalıdır. Azərbaycan Respublikasının Dövlət Rəmzlərindən biri də Üçrəngli bayrağımızdır. Özündə türkçülük, müasirlik, islamçılığı ehtiva edən Bayrağımız bizim üçün müqəddəsdir. Bayrağımıza hörmət və ehtiram əlaməti oaraq hər il Noyabrın 9-u Bayraq Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. O gündən etibarən Üçrəngli bayrağımız Azərbaycanın səmasında bir daha enməmək naminə dalğalanır. Bayrağımızın yurdumuzun səmasında daim dalğalanması üçün bir vətəndaş olaraq, bizim üzərimizə böyük yük düşür. Ölkə Başçısının ətrafında sıx birləşmək, Vətən təəssübkeşi, əsl azərbaycanlı olmaq!. Bu gün dəyişən dünyamızda dəyişməyən bir həqiqət var: özünə sahib olmayana kimsə sahib olmaz.

Özümüzə sahib olmaq üçün dövlət rəmzlərimizə xüsusi hörmət bəsləməliyik. Cənab Prezidentimiz İlham Əliyev demişkən: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Nicat Cəfərov;
Neftçala rayonu

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu