Belçikada hökumətin iqtisadi siyasətinə etiraz olaraq keçiriləcək ümummilli tətillər səbəbindən Brüssel Hava Limanında ciddi problemlər yaranacağı gözlənilir. Bu tədbirlər, ölkədəki hava nəqliyyatına və ictimai nəqliyyata təsir edəcək, minlərlə sərnişinin səfərlərini pozacaq.
Redaksiya məlumat verir ki, Belçikada həmkarlar ittifaqları hökumətin qənaət tədbirlərinə etiraz olaraq 24, 25 və 26 noyabr tarixlərində “Noyabr Çağırışı” adı altında üç günlük ümummilli tətillər elan edib. Bu tətillərə hava limanında çalışan təhlükəsizlik işçiləri və baqaj işçiləri də qoşulacaq. Həmkarlar ittifaqları hökumətin sosial xərclərdə planlaşdırdığı ixtisarları və tətbiq edəcəyi qənaət siyasətini sərt tənqid edir.
Brüssel Hava Limanından verilən açıqlamada, 26 noyabr tarixində ölkə daxilində tətillərin keçiriləcəyi, hava limanında çalışan təhlükəsizlik personalı və baqaj işçilərinin də bu tətilə qatılacağı bildirilib. Bu səbəbdən, gediş istiqamətli uçuşların ləğv edilməsi ilə yanaşı, bəzi gəliş istiqamətli reyslərin də gecikməsi gözlənilir. Sərnişinlərə uçuşlarının statusunu yoxlamaları tövsiyə olunur. Hava limanında ciddi problemlərin yaranacağı gözlənilir, çünki həmin tarixdə gediş istiqamətli sərnişin reysləri həyata keçirilməyəcək.
Açıqlamada, tətillərin Brüsseldəki ictimai nəqliyyata da təsir edəcəyi və hava limanına gediş-gəlişdə problemlərin yarana biləcəyi xatırladılıb. Hava yolu şirkətləri sərnişinlərlə birbaşa əlaqə saxlayaraq onlara alternativ variantlar barədə məlumat verəcəklər. Bu çərçivədə, Belçikada il ərzində bir çox tətillər keçirilmiş, uçuşlar həyata keçirilməmiş və həyat demək olar ki, dayanmışdı.


