Suverenliyimiz uğrunda apardığımız mübarizənin son mərhələsi, bir il yarım əvvəl həyata keçirilən və 24 saatdan az davam edən lokal antiterror tədbirləri ilə yekunlaşdı.
Qısa müddətdə başa çatan bu əməliyyat, təkcə bir hərbi uğur deyildi — bu, Azərbaycanın dövlət suverenliyini tam şəkildə bərpa etməsi, beynəlxalq hüquq çərçivəsində öz ərazilərində qanun və qaydanı bərqərar etməsi idi. Bu hadisə, həm də tarixə düşəcək dərəcədə strateji və siyasi bir dönüş nöqtəsi oldu.
Onilliklər boyu işğal altında saxlanılan və separatçılığın mərkəzinə çevrilmiş Xankəndi də daxil olmaqla, Qarabağın qalan hissələrində suveren hüquqların bərpası, Azərbaycanın, həm döyüş meydanında, həm də diplomatik arenada nümayiş etdirdiyi qətiyyətin nəticəsidir. Lokal antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyi və beynəlxalq humanitar hüquq prinsipləri ciddi şəkildə qorunmuş, itkilərin minimum səviyyədə olması üçün hərbi əməliyyatlar yüksək peşəkarlıqla planlaşdırılmış və icra edilmişdir. Bu, bir daha sübut etdi ki, Azərbaycan regionda sabitlik, təhlükəsizlik və inkişaf naminə məsuliyyətli dövlət kimi çıxış edir. Bu əməliyyat həmçinin beynəlxalq ictimaiyyət üçün də bir mesaj xarakteri daşıyırdı: Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə, separatçılığa və xaricdən yönəldilən hər hansı destabilizasiya cəhdlərinə dözümlü yanaşmayacaq. Ərazi bütövlüyü və suverenlik Azərbaycanın qırmızı xəttidir və bu prinsip heç bir halda danışıqlar mövzusu ola bilməz.
9 aprel tarixində Ada Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı forumda dərin məzmunlu çıxış edən və sualları çavablandıran Möhtərəm Prezident cənab İlham Əliyev bir çox məsələlərlə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü necə bərpa etməsi ilə bağlı beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Bəli, Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra ölkəmiz yeni bir dövrə qədəm qoydu – quruculuq, bərpa və reinteqrasiya mərhələsinə. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, müasir şəhər və kəndlər salınır, “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlər öz yurdlarına qayıdırlar. Eyni zamanda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı bir daha göstərdi ki, ölkəmiz sülhə və sabitliyə can atır, keçmişdə baş verənlərə baxmayaraq, bölgədə birgəyaşayışın mümkün olduğuna inanır.
Beləliklə, lokal antiterror tədbirləri yalnız bir hərbi əməliyyat deyil, həm də Azərbaycanın tarixi ədaləti bərpa etməsi, beynəlxalq hüququn aliliyini təmin etməsi və regionda uzunmüddətli sabitliyə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan göstərdi ki, güc yalnız silahla deyil, həm də ədalətli və prinsipial siyasətlə birləşdikdə, nəticə hər zaman xalqın və dövlətin xeyrinə olur.
Vüsal Atayev
Neftçala rayonu


