Oval kabinetdə sağlamlıq siyasəti ilə bağlı tədbir zamanı iştirakçılardan biri qəfil özünü pis hiss edərək yıxılıb. Hadisə ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə baş verib.
Redaksiya xəbər verir ki, huşunu itirən şəxsin Danimarkanın “Novo Nordisk” şirkətinin rəhbərlərindən Qordon Findley olduğu bildirilir. O, piylənmənin müalicəsində geniş istifadə olunan “Ozempik” preparatının qiymətinin aşağı salınması ilə bağlı müzakirə zamanı özünü pis hiss edib. Hadisə anında tədbirdə iştirak edən tibb nümayəndələri müdaxilə edib və Findley yerə yıxılarkən başını zədələməməsi üçün ona kömək göstərilib.
Hadisədən sonra Ağ Ev bildirib ki, Findley-in vəziyyəti stabildir və o, kontrol məqsədilə tibbi müşahidəyə götürülüb. ABŞ prezidenti Donald Tramp açıqlamasında bildirib ki, “Ozempik” və oxşar preparatların qiyməti Medicare və Medicaid proqramları çərçivəsində əhəmiyyətli dərəcədə aşağı salınacaq — aylıq 1350 dollardan təxminən 50 dollara endiriləcək. Bu addım milyonlarla piylənmə xəstəsi üçün müalicəyə çıxışı genişləndirməklə izah olunur.


