Qəzza zolağında fəaliyyət göstərən jurnalistlər İsrailin blokadası səbəbindən aclıqla üzləşən uşaqlarla həmrəylik nümayiş etdirmək məqsədilə aclıq aksiyasına başlayıblar.
Redaksiya xəbər verir ki, “boş mədələr hərəkatı” adı altında başlanan aksiyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bölgədəki humanitar fəlakətə yönəltməkdir.
Aksiyada iştirak edən jurnalistlər sosial media hesablarında yayımladıqları açıqlamada, aclıq aksiyasının iki gün əvvəl başladığını və “Qəzzada ən kiçik uşaq doyunca yeyənə qədər” davam etdiriləcəyini bildiriblər. Onlar beynəlxalq ictimaiyyəti bu kampaniyaya qoşulmağa və məsuliyyət daşımağa çağırıblar.
Jurnalistlər bildirirlər ki, uşaqların qarşılaşdığı aclıq artıq gözardı edilə bilməyəcək həddə çatıb və insanlığın bu vəziyyətə səssiz qalması yolverilməzdir.
Açıqlara görə, aclıqdan ölüm halları artmaqdadır. Qəzza Səhiyyə Nazirliyinin 20 iyul tarixli bəyanatında qeyd olunub ki, 2023-cü ilin oktyabrından bəri insani yardımın qarşısının alınması səbəbindən 76-sı uşaq olmaqla ümumilikdə 86 fələstinli vətəndaş aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib.
Digər tərəfdən, İsraildəki ərəb cəmiyyətini təmsil edən Ali Monitorinq Komitəsi də Qəzza və İordan çayının qərb sahilində davam edən blokada, aclıq və hücumlara diqqət çəkmək məqsədilə 3 günlük aclıq aksiyası keçirəcəklərini elan edib.
Sevinc Kərimova


