“Sürət və Qəzəb” kino franşizasının sonuncu filminin buraxılış tarixi açıqlanıb və layihənin həqiqətən yekun olacağı təsdiqlənib. Final film 17 mart 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq və uzun illər davam edən məşhur seriyaya nöqtə qoyacaq.
Redaksiya xəbər verir ki, franşizanın son filmi ilə bağlı ilk ipucları aktyor Vin Dizel tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Onun paylaşımı pərəstişkarlar arasında böyük maraq doğurub və layihənin məhz final olacağına dair gözləntiləri gücləndirib.
Məlumata görə, yayılan şayiələrə əsasən, mərhum aktyor Pol Uokerin canlandırdığı obraz filmdə yenidən ekrana qaytarıla bilər. Bildirilir ki, bu məqsədlə onun qardaşlarının köməyindən və müasir texnologiyalardan istifadə olunması nəzərdən keçirilir.
Qeyd edək ki, “Sürət və Qəzəb” franşizası illər ərzində qlobal kino sənayesində böyük kommersiya uğuru qazanıb və milyonlarla tamaşaçı toplayıb. Son filmin həm emosional, həm də simvolik baxımdan seriyanın ən yadda qalan ekran işi olacağı gözlənilir.


