ABŞ-ın aparıcı beyin mərkəzlərindən biri olan Geopolitical Monitor geniş rezonans doğuran bir təhlil dərc edib. Məqalədə çoxsaylı ölkələrin Fələstini dövlət olaraq tanıması ilə qlobal güc balansının dəyişdiyi və bu prosesin artıq yalnız Fələstinlə məhdudlaşmayan yeni bir mərhələni başlatdığı vurğulanır.
Redaksiya xəbər verir ki, təhlildə bu qərarların G7 klubunda parçalanmaya səbəb olduğu və 1967-ci ildən bəri davam edən Qərbin İsrail-Fələstin məsələsindəki konsensusunun sona çatdığı qeyd olunur.

Məqalədə Böyük Britaniya, Kanada və Avstraliyanın eyni günlərdə Fələstini tanıması xüsusi vurğulanır. Böyük Britaniyanın Baş naziri Keyr Starmer daha əvvəl İsrailə xəbərdarlıq edərək Qəzzaya humanitar yardımın girişinə icazə vermədiyi halda nəticələrinin ağır olacağını bəyan etmişdi. 21 sentyabr tarixində bu xəbərdarlığın real addımlara çevrildiyi göstərilir. Kanada və Avstraliya da oxşar mövqedən çıxış edib.

Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyulunda İsrailin işğalını qanunsuz elan etməsi qərarın dönməz məqam yaratdığı, Qərb hökumətlərinin artıq bunu görməməzlikdən gələ bilmədiyi vurğulanır.

Kanadanın qərarına daxili siyasi faktorların da təsir etdiyi bildirilir. Gənc seçicilər və Fələstin əsilli kanadalıların artan dəstəyi ilə yanaşı, Kanada uzun müddət ABŞ-ın xarici siyasətində “kölgə rolu”ndan çıxmaq istədiyini göstərib.
Böyük Britaniyanın hesablamalarının isə daha sərt olduğu qeyd olunur. MI6-nın İsrailin yeni ilhaq planları barədə hökuməti xəbərdar etməsindən sonra Starmerin açıqlamaları reallığa çevrilib. İsrail Baş naziri Netanyahunun bu qərarları “terrora mükafat” adlandırması isə artıq təsirsiz bir ritorika kimi qiymətləndirilib.

İsrail hökumətində bəzi nazirlərin, xüsusilə Maliyyə naziri Smotriçin, İordan çayının Qərb sahilinin 82 faizinin ilhaqını təklif etdiyi də vurğulanır. Bunun üçün xəritələrin və hüquqi əsasların hazırlandığı qeyd edilir.

Analizdə həmçinin Səudiyyə Ərəbistanının mövqeyində ciddi dəyişikliklərin olduğu bildirilir. Riyad İsraillə münasibətlərin normallaşmasını Fələstin dövlətinin yaradılması şərti ilə bağlayıb. Bu isə Qərbin diqqətini Tel-Əvivdən çox Riyada yönəldib.
Nəticə etibarilə, məqalədə hazırkı mərhələnin yalnız Fələstinlə məhdudlaşmadığı, qlobal güc nizamının dəyişdiyi vurğulanır. ABŞ-ın bölgədəki monopoliya rolu zəifləyib, Qərbin birliyi itib, ölkələr isə artıq öz maraqlarına uyğun fərqli qərarlar qəbul edirlər. Bunun isə daha mürəkkəb, az proqnozlaşdırıla bilən və ehtimal ki, daha təhlükəli yeni bir dövrə işarə etdiyi bildirilir.


