İnsanların həyatında bir dəfə deyil, bir neçə dəfə dərin sevgi yaşaya bilməsi fikri, romantik münasibətlər haqqında müasir düşüncələrlə ziddiyyət təşkil edir. Bir çox mədəniyyətdə “ikinci yarısı” axtarışı və həyatda yalnız bir dəfə gerçək sevgi yaşamaq ideyası hakim olsa da, elmi araşdırmalar bu stereotiplərə meydan oxuyur.
Redaksiya Unian-a istinadən məlumat verir ki, “Interpersona” jurnalında dərc olunan yeni bir araşdırma, insanların həyatlarında bir neçə dəfə ehtiraslı sevgi yaşaya biləcəyini göstərir. Tədqiqatçılar, insanların əksəriyyətinin orta hesabla iki dəfə dərin sevgi yaşadığını qeyd edirlər. Bu, ehtiraslı sevginin geniş yayılmış bir fenomen olduğunu göstərir, yəni əksər insanlar onu ən azı bir dəfə yaşayır, lakin fərdi səviyyədə “bütün həyat üçün bir sevgi” nadir hallarda baş verir.
Araşdırma çərçivəsində 10 mindən çox respondent sorğuya cəlb edilib. Nəticələr göstərir ki, respondentin yaşı ilə onun bildirdiyi romantik münasibətlərin sayı arasında birbaşa əlaqə var: insan nə qədər yaşlıdırsa, bir o qədər də dərin sevgi epizodları olub. Bu, insanların həyat təcrübəsi artdıqca, yeni münasibətlərə daha çox meyl etməsi ilə izah oluna bilər. Eyni zamanda, tədqiqatçılar, münasibətlərin başlanğıcında, yeni tərəfdaşın toksik davranışlara meylli olub-olmadığını göstərən “qırmızı bayraqlar”a diqqət yetirməyin vacibliyini vurğulayırlar.
Bu araşdırma, romantik filmlərdə və romanlarda təsvir olunan “bir ömürlük sevgi” konsepsiyasının reallıqla həmişə üst-üstə düşmədiyini göstərir. Bununla belə, araşdırmanın nəticələri, insanların sevgi və münasibətlər haqqında düşüncələrini yenidən nəzərdən keçirməyə və həyatın müxtəlif mərhələlərində yeni sevgi imkanlarına açıq olmağa təşviq edir. Həmçinin, internetdə başlayan münasibətlərin xoşbəxt ola biləcəyi də qeyd olunur.


