AS TB 0 - 728x90
Img 20250504 013727 261.jpg

İstanbulun Sarıyer rayonunda yol çökdü

Türkiyənin İstanbul şəhərində, Sarıyer rayonunun Maslak istiqamətində yerləşən Eski Büyükdere küçəsində iri miqyaslı yol çökməsi baş verib. Hadisə 3 may 2025-ci il tarixində gecə saatlarında qeydə alınıb. Yolun iki hərəkət zolağında böyük çuxur yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) yaydığı açıqlamaya görə, çökməyə yaxınlıqda yerləşən tikinti sahəsinə aid dayaq divarının küçəyə birləşən hissəsindəki struktur zəifliyi səbəb olub. Hadisənin ardından küçə nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb. Əraziyə təhlükəsizlik lentləri çəkilib və xəbərdarlıq nişanları yerləşdirilib.

Hadisə yerinə Türkiyənin qazpaylayıcı şirkəti İstanbul Qaz (İGDAŞ), Su və Kanalizasiya İdarəsi (İSKİ), Yanğınsöndürmə Xidməti və Polis qüvvələri cəlb olunub. Təhlükəsizlik məqsədilə bölgədə qaz verilişi dayandırılıb. Həmçinin, İSKİ-yə məxsus 300 millimetrlik içməli su xəttinin zədələnməsi nəticəsində Ayazağa, Maslak və Pınar məhəllələrində suyun verilişi müvəqqəti olaraq kəsilib.

İBB-nin verdiyi məlumata görə, yolun bərpası və təmiri işlərinin bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Hadisə zamanı baş verən yol çökməsi ərazidə yerləşən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayımlanan görüntülər arasında yolun havadan çəkilmiş kadrları da yer alıb.

Hazırda ərazidə təmir-bərpa işləri və texniki ekspertiza davam etdirilir. Tikinti sahəsinin fəaliyyəti isə təhlükəsizlik səbəbilə müvəqqəti olaraq dayandırılıb.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu