Kolumbiyanın mərkəzi-şərqində özəl təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib. Hadisə şənbə günü Boyaka departamentinin Paipa və Duitama əraziləri yaxınlığında qeydə alınıb və ölkə ictimaiyyətində ciddi rezonans doğurub.
Redaksiya məlumat verir ki, N325FA qeydiyyatlı təyyarə Medellin istiqamətində hərəkət edirmiş. Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, qəza zamanı göyərtədə olan altı nəfərin hamısı, o cümlədən 34 yaşlı məşhur müğənni Yeison Jimenez həlak olub.
Qəza nəticəsində pilot kapitan Hernando Torres və sərnişinlər Juan Manuel Rodriqez, Oscar Marin, Jefferson Osorio və Vaysman Mora da həyatlarını itiriblər. Boyaka qubernatorluğu departamentdə matəm elan edildiyini açıqlayıb.
Kolumbiya mediasında yayımlanan videolarda təyyarənin havaya qalxarkən “uçuş zolağı bitir” səslərinin eşidildiyi bildirilir. Nəqliyyat naziri Fernanda Roxas səlahiyyətli qurumların qəzanın səbəblərini araşdırmağa başladığını, Mülki Aviasiya İdarəsinin isə texniki araşdırma protokollarının işə salındığını bildirib.


