ABŞ-nin Nevada ştatının Las Veqas şəhərində yaşayış evində qanunsuz bioloji laboratoriyanın aşkar edilməsi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirilib. Hadisə ilə əlaqədar hüquq-mühafizə və fövqəladə xidmət qurumları bir neçə gün davam edəcək təhlükəsizlik və zərərsizləşdirmə tədbirlərinə başlayıblar.
Redaksiya xəbər verir ki, yanvarın 31-də Las Veqas Metropoliten Polis Departamentinin (LVMPD) xüsusi təyinatlı SWAT bölməsi, FTB (Federal Təhqiqat Bürosu), kimyəvi təhlükəsizlik üzrə HAZMAT qrupları və digər qurumlar Şimal-Şərqi Las Veqasda Şuqar Sprinqs Dırayv küçəsində yerləşən yaşayış evində axtarış qərarını icra ediblər. Vaşinqton prospekti və Hollivud bulvarı yaxınlığında yerləşən bu ünvandan əlavə, Templ Vyu Dırayv küçəsində ikinci obyekt də yoxlanılıb.
Axtarış zamanı əsasən kilidli qarajda mümkün bioloji laboratoriyanın izləri aşkar olunub. Tapıntılara naməlum mayelərlə dolu flakonların saxlandığı soyuducular, ehtimal olunan bioloji materiallar və təhlükəli maddələr, eləcə də üzərində denqi qızdırması, HİV, malyariya kimi patogen adları qeyd olunan konteynerlər daxil olub. Xüsusi ixtisaslaşmış qruplar materialların toplanması və zərərsizləşdirilməsi ilə məşğuldur və əməliyyatın ictimai təhlükə yaratmaması üçün tədbirlərin günlərlə davam edəcəyi bildirilir.
Əməliyyat zamanı ilkin olaraq bir nəfər saxlanılıb, daha sonra isə 55 yaşlı Ori Solomonun həbs edildiyi açıqlanıb. Yaşayış evinin sahibi 2023-cü ildə Kaliforniya ştatının Ridli şəhərində qeyri-qanuni bioloji laboratoriya işi üzrə federal nəzarətə götürülmüş Cia Bey Ju (digər adı ilə Devid Hi) ilə əlaqələndirilir. Həmin iş Prestij Bayotek və Universal Meditek şirkətləri vasitəsilə qanunsuz fəaliyyət, səhv markalanmış COVID-19 test dəstləri, eləcə də HİV, COVID və digər təhlükəli patogenlərin saxlanılması ilə bağlı olub.
Məlumata görə, Las Veqasda aşkar edilən laboratoriya 2022–2023-cü illərdə Ridli şəhərində ifşa olunmuş qeyri-qanuni biolaboratoriya işi ilə birbaşa əlaqələndirilir. Hazırda toplanmış 1 000-dən çox nümunə laborator müayinələr üçün göndərilib, istintaq isə federal və yerli qurumlar tərəfindən davam etdirilir.


