Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə X hesabında paylaşım edərək, beynəlxalq və milli axtarışda olan şəxslərin Türkiyəyə ekstradisiyası ilə bağlı məlumat verib. Nazir bildirib ki, xaricdə saxlanılan və barəsində qırmızı bülleten, eləcə də milli axtarış qərarı olan şəxslər ölkəyə qaytarılıb.
Redaksiya xəbər verir ki, Ali Yerlikayanın açıqlamasına əsasən, ümumilikdə 16 cinayətkar xaricdə tutulub və Türkiyəyə ekstradisiya edilib. Onlardan 9 nəfər qırmızı bülletenlə, 6 nəfər isə milli səviyyədə axtarışda olub.
Nazirin sözlərinə görə, sözügedən şəxslər Almaniya, Gürcüstan, Monteneqro, Azərbaycan, Şimali Makedoniya və Yunanıstan ərazisində saxlanılaraq Türkiyəyə gətirilib. Ekstradisiya proseslərinin müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi vurğulanıb.
Ali Yerlikaya qeyd edib ki, beynəlxalq cinayətkarlıqla mübarizə Türkiyənin prioritet istiqamətlərindən biridir və axtarışda olan şəxslərin harada gizlənməsindən asılı olmayaraq ədalət qarşısına çıxarılması üçün işlər qətiyyətlə davam etdiriləcək.


