Son bir ayda Ermənistanın Baş naziri Nikol Paşinyan intensiv diplomatik səfərlərlə beynəlxalq gündəmin diqqətində olub. Regionda və qlobal miqyasda güc balansının dəyişdiyi bir vaxtda Paşinyanın ardıcıl olaraq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Brüssel və Fransaya etdiyi səfərlər Ermənistanın xarici siyasət kursunda yeni bir mərhələnin başlandığını göstərir.
Redaksiya xəbər verir ki, iyunun 20-də Paşinyan Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü. Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Ermənistan-Azərbaycan sülh prosesi və regional kommunikasiyaların açılması məsələləri müzakirə olundu. Bu, İrəvanın Ankaraya birbaşa çıxış üçün atdığı strateji addım kimi qiymətləndirilir.

İyulun 10-da Paşinyan BƏƏ-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Tərəflər sülh müqaviləsinin mümkün şərtlərini müzakirə etsələr də, görüş konkret nəticə vermədi. Buna baxmayaraq, dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olundu. Bu görüş, Paşinyanın Bakı ilə münasibətləri Qərb vasitəçiliyi olmadan da irəlilətməyə çalışdığını göstərir.

İyulun 14-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşən Paşinyan, Ermənistan-Avropa İttifaqı münasibətlərinin dərinləşdirilməsinə dair vacib mesajlar verdi. Əsas müzakirə mövzuları enerji əməkdaşlığı, iqtisadi dəstək və Ermənistan vətəndaşları üçün vizasız rejim imkanları idi.

Həmin günün axşamı Paşinyan Parisə səfər edərək Fransa prezidenti Emmanuel Makronla Yelisey sarayında görüşdü. Fransa ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsi, müdafiə sahəsində əməkdaşlıq və Ermənistanın Qərbə inteqrasiya prosesi müzakirə edildi. Makronun son dövrlərdə Cənubi Qafqazda artan fəallığı fonunda bu görüş xüsusilə diqqət çəkdi.

Siyasi təhlilçilərin fikrincə, Paşinyanın bu diplomatik səfər silsiləsi sadəcə protokol səfərləri deyil, daha çox strateji mövqe axtarışıdır. Onun davranış modeli, bir çoxlarının fikrincə, kazinolarda masaları bir-bir gəzən qədim peşə sahiblərinə bənzəyir — kimdə nə kart var, hansı oyun qurulub, kimin əlində əsas fiqurlar var, bunları öyrənir və nəhayət, oyun planını Makrona çatdırır.
Nəticə olaraq, Ermənistan rəhbəri qlobal diplomatik masada öz yerini axtarmağa çalışır və görünür ki, bu axtarış prosesi klassik diplomatiyadan daha çox, oyunun qaydalarını öyrənərək ona uyğunlaşmaq cəhdidir.
Paşinyan bu günlərdə sadəcə səfər etmir – dünya siyasi kazinosunda oyunu Makron üçün anlamağa çalışır.
Sevinc Kərimova


