ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət dünya miqyasında “Qərb sonrası dövrün” əsas katalizatoru kimi dəyərləndirilir.

Redaksiya xəbər verir ki, ABŞ mərkəzli Project Syndicate düşüncə mərkəzinin yaydığı təhlildə Trampın altı ay ərzində Qərbə, Rusiya və Çinin illərlə edə bilmədiyi qədər ciddi zərbə vurduğu qeyd olunub. Sənəddə bildirilir ki, Trampın sərt çıxışları və qeyri-sabit qərarları Qərbi zəiflədir, eyni zamanda Çini, Rusiyanı və digər rəqibləri gücləndirir.
Ən təhlükəli addımlardan biri isə Trampın Qərbin ideoloji və təhlükəsizlik dayağı sayılan qurum və ittifaqlara birbaşa hücum etməsidir. NATO-nun büdcə öhdəliklərini yerinə yetirməyən üzvlərini Rusiyanın qarşısına atmaqla hədələyən Tramp, Avropanı Ukrayna məsələsində qərar prosesindən uzaqlaşdırıb. Eyni zamanda, ABŞ vitse-prezidenti Vens Avropanı öz dəyərlərinə xəyanətdə ittiham edib, sağçı ritorikanı gücləndirib.

Tramp Kanada ilə istehza edib, Danimarkanı Qrenlandiya məsələsində təhdid edib, Yaponiya, Cənubi Koreya, Avstraliya və Böyük Britaniyaya qarşı ticarət rüsumları tətbiq edib.
Ekspertlərin fikrincə, Trampın siyasəti nəticəsində Avropa öz hərbi imkanlarını artırmağa, bəzi Şərqi Avropa ölkələri isə ABŞ və Rusiya ilə ayrıca təhlükəsizlik razılaşmaları axtarmağa başlayıb. Eyni zamanda, Qərbdaxili sağçı partiyaların mövqeyi güclənir.

Digər tərəfdən, Trampın siyasəti Çinin Asiya və Afrika ölkələri ilə gizli maliyyə layihələrini kölgədə qoyub, Rusiyaya isə Ukraynada işğalçı mövqeyini möhkəmləndirməyə şərait yaradıb.
Tramp Rusiyanın G7-yə qayıtmasını dəstəkləyir, Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır və Krım işğalının nəticələrinin qanuniləşdirilməsinə zəmin hazırlayır.

Bundan əlavə, Trampın “parçala və hökm sür” siyasəti Hindistan kimi ölkələri Çindən uzaqlaşdırmağa, El Salvador və İtaliya kimi dövlətlərdə sağçı populistləri gücləndirməyə xidmət edir.
Təhlildə qeyd edilir ki, ABŞ-ın müttəfiqləri artıq Vaşinqtona olan inamı itirib, yeni təhlükəsizlik və ticarət əlaqələri axtarır. BRİKS və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi təşəbbüslərin rolu artır, ABŞ-ın qlobal təsiri isə zəifləyir.

Sonda vurğulanır ki, Trampın siyasəti təkcə Qərb deyil, həm də ABŞ sonrası çoxqütblü dünyanın formalaşmasını sürətləndirir.
Sevinc Kərimova


