Son günlərdə qızılın qiymətindəki şok artım qlobal maliyyə bazarlarında fırtına qoparıb.
Redaksiya UnHerd analitiklərinə istinadən yayılan məlumatlara əsasən xəbər verir ki, bu yüksəliş təkcə bazar oyunları deyil, həm də ABŞ dollarının dünya maliyyə sistemindəki uzun sürən hökmranlığının sonunun yaxınlaşdığına dair ciddi siqnallar verir.
Qızılın unsiya başına 3400 dolları aşaraq tarixi zirvəyə yüksəlməsi investorların davranışında radikal bir dəyişikliyi göstərir. Belə ki, əvvəllər təhlükəsiz sığınacaq kimi qəbul edilən ABŞ aktivləri – səhmlər və dövlət istiqrazları – artıq öz cazibəsini itirir, yerini ənənəvi qoruyucu aktiv olan qızıla buraxır.
Ekspertlər bu tendensiyanı dolların uzunmüddətli zəifləməsi və qlobal miqyasda “dolarsızlaşma” prosesinin başlanması kimi qiymətləndirirlər. ABŞ Ekonomik Məsləhətçilər Şurasının keçmiş sədri Stephen Miran bildirir ki, dolların rezerv valyuta statusu ABŞ iqtisadiyyatına zərər vurur və bu sistemin dəyişməsinin zamanı çatıb.
Beləliklə, qızılın qiymətindəki bu misilsiz yüksəliş təkcə iqtisadi bir göstərici deyil, eyni zamanda qlobal güc balansında baş verə biləcək dərin dəyişikliklərin xəbərçisi kimi dəyərləndirilir. Dünya maliyyə bazarları dolların gələcəyi və qızılın yeni rolu ətrafında artan suallarla çalxalanır.
Lamiyə İrəm


