Dünyanın istismar üsulu dəyişib. Artıq nə gəmilərlə müstəmləkələrə ordu göndərilir, nə də torpaqlar işğal edilərək bayraqlar sancılır. Yeni dövrdə müstəmləkəçilik ekrandan, alqoritmdən və məlumat (data) mərkəzlərindən idarə olunur.
Redaksiya xəbər verir ki, bu prosesə “rəqəmsal müstəmləkəçilik” adı verilir və baş rolda ABŞ dayanır. Texnologiya nəhəngləri vasitəsilə hər ölkəyə sirayət edir, düşüncələri yönəldir, mədəniyyətləri dəyişdirir və psixoloji asılılıqlar formalaşdırırlar.
Google sadəcə axtarış xidməti deyil – bu gün informasiya üzərində hökmranlıq edən bir gücdür. Meta sadəcə sosial şəbəkə deyil – ictimai şüurun konturlarını cızan rəqəmsal bir mühəndisdir. TikTok əyləncə deyil – vaxtı və diqqəti idarə edən platformadır. YouTube isə yeni nəslin düşüncə sərhədlərini formalaşdıran qlobal bir alətdir.
Bu vəziyyət təkcə iqtisadi yox, həm də milli təhlükəsizlik məsələsidir. Media yalnız informasiya vasitəsi deyil – o, həm də bir millətin yaddaşı, istiqaməti və refleksləridir.
Bu platformaların hamısı ABŞ mərkəzli qurumların nəzarətindədir və onların təsiri artıq Azərbaycanda da aydın şəkildə hiss olunur. Reklam bazarı böyük sürətlə Meta, YouTube və TikTok kimi xarici platformalara ötürülüb. Ənənəvi media ciddi itkilər verib. Bir neçə il ərzində televiziya kanallarının böyük hissəsinin bağlanacağı artıq sadəcə ehtimal deyil, real bir nəticədir.
Əgər media tamamilə xarici platformaların və alqoritmlərin nəzarətinə keçərsə, öz tariximizi, öz həqiqətimizi başqalarının yazdığı ssenarilərlə danışmaq məcburiyyətində qalacağıq.
Əgər Azərbaycanda media müstəqilliyi və azadlığı qorunacaqsa, bu platformalar effektiv şəkildə tənzimlənməli və onlara alternativ olan yerli rəqəmsal ekosistemlər qurulmalıdır.
Biz düşünürük ki, rəqəmsal aləmdə sadəcə əylənirik. Amma reallıqda hər klikimiz bir izə, hər bəyənməmiz bir dataya, hər axtarışımız bir etirafa çevrilir. Rəqəmsal müstəmləkəçiliyin çarxı belə fırlanır.
Artıq kimliyimiz, fikrimiz, hətta hisslərimiz belə alqoritmlərlə manipulyasiya olunaraq satışa çıxarılır. Sərhədləri dövlətlər yox, data axınları müəyyən edir. Bu çağ sübut etdi ki, bir ölkəni tankla işğal etmədən də fəth etmək olar — rəqəmsal asılılıq yaradaraq.
Məhrəmiyyət anlayışı aşınıb, zehni əsarət sistemləşdirilib. Bu yeni sistem öz mədəniyyətini, dəyərlərini və həyat tərzini zorla qəbul etdirməyə çalışır. Yerli olan hər şey “geridə qalmış”, “dəbdən düşmüş” kimi damğalanır.
Bu səbəbdən məsələ yalnız texnologiya deyil — bu, sivilizasiyalar arasında gedən açıq bir mübarizədir.
Bəs kim danışacaq? Kimin səsi eşidiləcək? Kimin həyat tərzi ideallaşdırılacaq? Bu sualların cavabını artıq rəqəmsal müstəmləkəçilik verir. Biz isə fərqinə varmadan ona təslim oluruq.
Texnologiya istehsalı ilə yanaşı, öz mədəni zirehimizi də tikməliyik. Əks halda, təkcə cihazlarımızı deyil, ruhumuzu da itirəcəyik.
Datası xaricdə saxlanılan bir toplumun gələcəyi də həmin xarici güclərin maraqları ilə formalaşır. Buna görə də öz rəqəmsal dünyamızı qurmaq təkcə iqtisadi deyil, eyni zamanda milli azadlıq məsələsidir.
Necə ki, torpağımızı qoruyuruq, rəqəmsal varlığımızı da qorumağa borcluyuq. Çünki bu dövrün müstəmləkəçiliyi artıq torpaqla yox, insan zehni ilə maraqlanır.
Yuxarıda qeyd edilənlərə əlavə olaraq, faydalı bir təklifin irəli sürülməsi yerinə düşərdi. Naxçıvan ərazisində yaradılmış yaşıl və ya bərpa olunan enerji mənbələri bizim üçün strateji əhəmiyyət daşıyan data mərkəzinə çevrilə bilər. Bu təşəbbüs müəyyən qədər maliyyə vəsaiti tələb etsə də, texniki baxımdan reallaşdırılması mümkündür.

Yer səthindən bir neçə metr dərinlikdə yerləşəcək data mərkəzlərini günəş və ya külək enerjisi ilə təmin etməklə həm dayanıqlı enerji istifadəsi təmin olunar, həm də ekoloji baxımdan üstünlük əldə edilmiş olar. Bu mərkəzlər vasitəsilə qonşu ölkələrin rəqəmsal ehtiyaclarını da qarşılamaq mümkündür. Eyni zamanda, tanınmış beynəlxalq texnologiya şirkətlərinin CDN (Content Delivery Network) infrastrukturunu bu mərkəzlərdə yerləşdirməklə, Azərbaycan regionun rəqəmsal ekosistemində vendor rolunu oynaya bilər.
Beləliklə, Azərbaycan — xüsusilə də bu məqsəd üçün seçiləcək coğrafi bölgə — yalnız öz milli məlumatlarını deyil, ətraf ölkələrin məlumatlarını da emal və saxlayan regional data mərkəzinə çevrilə bilər. Bu isə həm iqtisadi, həm texnoloji baxımdan ölkəmizə əhəmiyyətli üstünlüklər qazandıra bilər.

Sonda bir məqamı vurğulamaq yerinə düşər: insan orqanizmində qan hansı funksiyanı yerinə yetirirsə, müasir texnologiya dünyasında data da eyni əhəmiyyətə malikdir. O, daim hərəkətdədir və heç vaxt dayanmır. Biz bu sahədə ya istehsalçı, ya da daimi istifadəçi olacağıq — seçim bizə məxsusdur.
Fərid Əlizadə


