AS TB 0 - 728x90
Width696height464.jpeg

“Reuters jurnalist qətliamlarına görə məsuliyyət daşıyır” – fotoqraf Valeri Zink istefa verdi

Kanadalı fotojurnalist Valeri Zink, səkkiz ildən sonra Reuters agentliyindən istefa etdiyini açıqlayıb. O, şəxsi “Facebook” hesabında qərarını İsrailin Qəzzada jurnalistlərə qarşı həyata keçirdiyi zorakılıqlara qarşı çıxmaqla əsaslandırıb.

Redaksiya xəbər verir ki, Zink Reuters-i “öldürülən jurnalistləri müdafiə etməməkdə”, İsrailin təbliğatını aparmaqda və “Qəzzadakı sistematik qətlləri leqallaşdırmaqda” ittiham edib. Onun sözlərinə görə, Qərb mediası İsrailin müharibə cinayətlərini gizlətməklə, əslində bu cinayətlərə zəmin yaradır.

Fotojurnalist xatırladıb ki, 2023-cü ilin oktyabrından bəri ən azı 246 jurnalist öldürülüb və bu şəraitdə Qərb mediası məsuliyyətdən kənarda qala bilməz: “Artıq Reuters üçün işləmək mümkün deyil.”

Zink xüsusilə 10 avqustda Qəzzada öldürülən Pulitzer mükafatı laureatı, “Əl-Cəzirə” müxbiri Ənəs Şərifin ölümünə diqqət çəkib. O, Reuters-in İsrailin “Şərif Həmas üzvü idi” iddiasını yoxlamadan yayımlamasını agentliyin təbliğat xəttini davam etdirdiyinə sübut kimi göstərib.

Həmçinin, Han Yunusdakı Nasir xəstəxanasına hücum zamanı öldürülən Reuters operatoru Hüssam əl-Mısrini xatırladan Zink, “Reuters öz əməkdaşını belə müdafiə etmədi” deyə bildirib.

Nasir xəstəxanasına hücumda azı 21 nəfər həlak olub. Ölənlər arasında “Əl-Cəzirə” müxbiri Məhəmməd Salama, Reuters kameramanı Hüssam əl-Mısri, AP ilə işləyən müstəqil jurnalist Məryəm Əbu Dəkkə və digər media nümayəndələri də var idi.

Fələstin Jurnalistlər Birliyi hücumu “azad mediaya qarşı açıq müharibə” kimi qiymətləndirib. BMT-nin raportçusu Françeska Albanese dövlətləri “ablukanı qırmağa, silah embarqosu və sanksiyalar tətbiq etməyə” çağırıb.

Fransa Prezidenti Emmanuel Makron hücumları “dözülməz” adlandırıb. Almaniya və İspaniya müstəqil istintaq tələb ediblər. Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi isə “dəhşətə düşdüyünü” bildirərək atəşkəsə çağırıb.

Türkiyə, Qətər, İran, Misir və Səudiyyə Ərəbistanı hücumları müharibə cinayəti kimi tanıyaraq sərt bəyanatlarla çıxış ediblər.

“Əl-Cəzirə”nin məlumatına görə, son hücumdan sonra 2023-cü ilin oktyabrından bəri Qəzzada öldürülən jurnalist və media işçilərinin sayı ən azı 273-ə çatıb.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu