Türkiyənin İstanbul şəhərində yerləşən Çalık Holdinq binası önündə baş verən hadisə ölkədə ciddi rezonans doğurub. Şirkətin keçmiş əməkdaşı Erol Eğrek, 10 ildir ala bilmədiyi 7 milyon TL-lik təzminatını tələb etmək üçün son çarə kimi şirkətin mərkəzi qarşısına gələrək başına silah dayayıb.
Redaksiya Türkiyə mətbuatına və Vikiləşdirilmiş nəşrə istinadən əldə edilən məlumatlara görə, Eğrek əvvəllər Çalık Holdinqin Türkmənistandakı tekstil fabrikində çalışıb və işdən çıxarıldıqdan sonra ona ödənməli olan böyük məbləğdə tazminat illərdir verilməyib. Məhkəmə qərarlarına baxmayaraq, ödənişi ala bilməyən 49 yaşlı kişi mayın 9-da şirkət binasına gələrək görüş tələb edib.
Görüş tələbi rədd edildikdən sonra Erol Eğrek əlindəki qanuni silahla havaya üç dəfə atəş açıb, daha sonra isə silahı öz başına tuşlayıb. Bu zaman, təxminən 10 nəfərdən ibarət olduğu bildirilən Çalık Holdinqin mühafizəçiləri tərəfindən zor tətbiq edilərək silah əlindən alınıb və döyülüb.
Ağır vəziyyətdə xəstəxanaya aparılan Erol Eğrek, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə ilə bağlı yayılan iddialara görə, Erol Eğrek əslində xəstəxanaya çatmadan öncə hadisə yerində ölüb. Yaxınları onun hücum deyil, planlı şəkildə susdurulduğunu bildiriblər. Bəzi şahidlər və məlumatlara görə, polislər təcili tibbi yardım heyətinə onun ürək çatışmamazlığı keçirdiyini söyləyib.
İşçi hüquqları və korporativ məsuliyyət kontekstində bu hadisə Türkiyə ictimaiyyətində güclü müzakirələrə səbəb olub. Hadisə ilə bağlı rəsmi istintaqın aparıldığı və məsul şəxslərin hüquqi qiymət alacağı gözlənilir.
Sevinc Kərimova


