ABŞ-ın nüfuzlu nəşrlərindən olan The Wall Street Journal bölgədə son baş verənlər və xüsusilə İbrahim Sazişlərinin gələcəyi barədə geniş təhlil dərc edib.
Redaksiya xəbər verir ki, məqalədə İran ilə İsrail arasında baş verən 12 günlük müharibənin Orta Şərqdə köklü dəyişikliyə səbəb olduğu bildirilir.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə İranın əsas nüvə obyektlərinə həyata keçirilən hücumlar region ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanında ciddi narahatlıq doğurub.
İbrahim Sazişlərinə yeni baxış
Tramp administrasiyası bu fürsətdən istifadə edərək daha çox ərəb və müsəlman ölkəsinin İsraillə diplomatik əlaqə qurmasını hədəfləyir.

Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bildirib ki, İbrahim Sazişlərinin genişləndirilməsi əsas prioritetlərdəndir:
“Bir çox insanın ağlına belə gəlməyəcək ölkələrlə normallaşma prosesi üçün çalışırıq,” – deyə Vitkof qeyd edib.

Buna baxmayaraq, Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Qəzza zolağındakı müharibə davam etdiyi müddətdə İsraillə normallaşmaya getməyəcəyini açıqlayıb.
Yeni güc balansı və narahatlıqlar
Məqalədə qeyd olunur ki, İran-İsrail müharibəsi regiondakı bir çox planları pozub, lakin eyni zamanda İranın zəifləməsi fonunda bəzi ərəb ölkələri üçün İsraillə əməkdaşlıq daha cazibədar görünür.

Bununla belə, İsrailin həyata keçirdiyi hücumların sərhədləri aşması və ABŞ-ın dəstəyi Körfəz ölkələrində ehtiyatlı yanaşma yaradıb. Region dövlətləri İranın zəifləməsini arzulasa da, açıq rejim dəyişikliyi çağırışlarının fəlakətli nəticələr verəcəyindən ehtiyatlanır.

Roma mərkəzli düşüncə qurumu olan Istituto Affari Internazionali-nin Orta Şərq və Afrika proqramının rəhbəri Mariya Fantappiə isə bildirir ki, Səudiyyə Ərəbistanı İran üzərində artan ABŞ və İsrail təzyiqindən faydalanmaq istəyir, lakin bölgədə yeni, qeyri-sabit düzənin formalaşmasından çəkinir.
Gələcək ssenari
Nəşrdə vurğulanır ki, Tramp və İsrail rəhbərliyi, xüsusilə İbrahim Sazişlərinin gələcəyini təhlükə altına salmamaq üçün Körfəz ölkələrinin narahatlığını nəzərə almalı və yeni balans formulu tapmalıdır.

The Wall Street Journal nəticə olaraq qeyd edir ki, bölgənin və İbrahim Sazişlərinin taleyi məhz tapılacaq bu yeni siyasi formullardan asılı olacaq.
Sevinc Kərimova


